Gündəm 25.10.2025

Dünyanın ən böyük hərbi gəmisi bölgəyə yollandı: ABŞ-a müharibə bəhanəsi ittihamı

Dünyanın ən böyük hərbi gəmisi bölgəyə yollandı: ABŞ-a müharibə bəhanəsi ittihamı

ABŞ prezidenti Donald Tramp, daha dünən ağır bombardman təyyarələrinin fəaliyyət göstərdiyi Karib dənizinə dünyanın ən böyük döyüş gəmisini göndərib.

Nəhəng gəmi, Venesuela sahillərində patrul xidməti aparan onlarla ağır döyüş gəmisi və mindən çox xüsusi təlim keçmiş dəniz piyadasına qoşulacaq.

Həmin gün ABŞ gəmilərindən havaya qalxan F-35 təyyarələri narkotik daşıdığı iddia edilən bir sürətli qayığı vurub. Gəmidə olan hər kəs həlak olub. Bu, vurulan səkkizinci "narkotik kuryeri" gəmisi idi.

Vaşinqton kiçik sahil ölkəsi olan Venesuelanın sahillərində silah və poladdan bir divar hörür.

Venesuela prezidenti Nikolas Maduro isə, Vaşinqtonun ölkəsini işğala hazırlaşdığını açıq şəkildə bildirir. Maduro, Vaşinqtonu "yeni bir müharibə uydurmaqda" günahlandırıb.

QURU ƏMƏLİYYATINA HAZIRLIQ

ABŞ Müdafiə naziri Pit Heqsetin əmri ilə Aralıq dənizindəki USS Cerald R. Ford aviadaşıyıcısı Cümə günü Karib dənizinə doğru yola çıxıb. Gəmi Venesuelanı əhatə edən digər gəmilərə qoşulacaq.

Dünyanın ən böyük aviadaşıyıcısı USS Cerald R. Ford və müşayiətçi donanması təkbaşına kiçik bir müharibə aparmaq gücünə malikdir.

Pentaqon USS Cerald R. Fordun Cənub Komandanlığı bölgəsində yerləşdiriləcəyini və quru hədəflərinə qarşı əməliyyat hazırlığının aparıla biləcəyini açıqlayıb.

CNN bildirib ki, Tramp Venesuela daxilindəki kokain istehsalı müəssisələrini və qaçaqmalçılıq marşrutlarını hədəf almağı düşünür. Lakin bu planın nə zaman həyata keçiriləcəyi bəlli deyil.

ABŞ prezidenti Tramp isə bu ölkədə quru əməliyyatına hazır olduqlarını bildirib. Maduro isə Vaşinqtonun Venesuelanı işğala hazırlaşdığını açıq şəkildə söyləyir.

Venesuela prezidenti dövlət televiziyasına verdiyi açıqlamada deyib: "Yeni bir sonsuz müharibə uydururlar. Bir daha müharibəyə girməyəcəklərinə söz verdilər, amma yenə də müharibə uydururlar."

ƏMƏLİYYATLARA BƏHANƏ

Vaşinqton, Venesuelanı "terrorçu kartelləri" ölkəsinə göndərməkdə günahlandırır. Bu səbəbdən "terrorçu kartel üzvlərini" dayandırmaq üçün dənizdə gördüyü bütün şübhəli gəmiləri vurur.

Tramp administrasiyası əməliyyatların narkotiklə mübarizə məqsədi daşıdığını bildirir, çünki bu ölkəyə müharibə elan etmək ABŞ Konqresinin təsdiqini tələb edir. Lakin terrorçulara qarşı hərəkətə keçmək Konqresin təsdiqini tələb etmir.

Vaşinqton bu əməliyyatların narkotik qaçaqmalçılığına qarşı aparıldığını müdafiə edir. Lakin son həftələrdə keçirilən on hava hücumunda ən azı 43 nəfərin öldüyü açıqlanıb.

Müdafiə naziri Heqset son hücumda "altı narkotik terrorçusunun" öldürüldüyünü və hədəf alınan gəminin Tren de Araqua cinayətkar qrupuna aid olduğunu söyləyib.

MƏQSƏD MADURONU İÇƏRİDƏN DEVRMƏK

Chatham House araşdırmaçısı Kristofer Sabatini BBC-yə verdiyi açıqlamada bu hərbi qüvvə yığılmasının Maduro rejiminə gözdağı vermək məqsədi daşıdığını deyib.

Sabatiniyə görə, ABŞ Maduro ətrafındakı hərbi kadrları qorxutmaqla öz daxilində bir parçalanma yaratmağa ümid edir.

Tramp, Mərkəzi Kəşfiyyat İdarəsini (MKİ) də bu Latın Amerikası ölkəsində vəzifələndirdiyini açıqlamışdı. Trampın əsas məqsədi Maduronu devirməkdir, lakin bunu ölkə ordusunun əli ilə etmək istəyir, ABŞ ordusunun deyil.

Lakin B planı olaraq Tramp Venesuelada nəhəng hərbi qüvvə toplayır. ABŞın bölgədəki bu addımı, onsuz da gərgin olan Karakas-Vaşinqton xəttində yeni bir böhran ehtimalını artırır.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz