El-Klasiko derbisində qalmaqal: Oyun bitdi, dava başladı
İspaniya La Liqasının 10-cu turunda baş tutan Real Madrid – Barselona qarşılaşması Madrid təmsilçisinin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. Lakin oyundan sonra yaşanan gərginlik dünya gündəmini zəbt edib.
“Bernabeu”da keçirilən El-Klasiko matçında hesabı 22-ci dəqiqədə Kilian Mbappe açıb. Fermin Lopez 38-ci dəqiqədə tarazlığı bərpa etsə də, Cud Bellingem 52-ci dəqiqədə Real Madridi yenidən önə çıxarıb. Həmin dəqiqədə Mbappe penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Barselonanın oyunçusu Pedri 90+9-cu dəqiqədə qırmızı kart alaraq komandasını azlıqda qoyub.
Matçdan sonra El-Klasiko soyunma otağına daşındı
İspaniyanın “Marca” nəşrinin yaydığı məlumata görə, oyunun final fitindən sonra Dani Karvaxal ilə Lamin Yamal arasında gərginlik yaranıb. Karvaxalın Yamala "Çox danışsan, belə susdurarlar" deməsi gənc oyunçunu əsəbiləşdirib. Yamal komanda yoldaşlarının yanına gedərək Karvahala "İçəri gəl" deyə cavab verib. Bu zaman Vinisius Junior Yamalın qarşısına keçərək "Çox danışırsan!" deyərək vəziyyəti daha da gərginləşdirib. Daha sonra Vinisius əl işarəsi ilə Yamalı özünə çağırıb.
Vinisiusun Yamalın üstünə qaçması ilə komanda yoldaşları və təhlükəsizlik işçiləri braziliyalı ulduzu güclə sakitləşdiriblər. Real Madridin baş məşqçisi Xabi Alonso isə futbolçularının koridorda qalmasını istəməyərək hadisəyə müdaxilə edib. Alonso oyunçularını meydanın ortasına yönləndirərək qələbəni qeyd etmələrini təmin edib və bununla da gərginliyin daha da böyüməsinin qarşısını alıb.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz