Gündəm 16.10.2025

Mehdiyev işi hökumət və müxalifətə uzanacaq

Mehdiyev işi hökumət və müxalifətə uzanacaq

Sabiq Prezident Administrasiyası Rəhbəri Ramiz Mehdiyev Barəsində Cinayət İşi Açılıb

Oktyabrın 14-də Azərbaycan Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində cinayət işi açılması xəbəri yayılıb. Məhkəmənin "xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş" Mehdiyev haqqında verilmiş vəsatəti təmin edərək, onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçdiyi bildirilir. Mehdiyev Cinayət Məcəlləsinin 278.1-ci (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. O, 1995-2019-cu illərdə PA rəhbəri, 2019-2022-ci illərdə isə AMEA-nın prezidenti vəzifələrini icra edib.

Rəsmi Təsdiq Olunmasa da, Hökumətyönlü Mediada Geniş Kampaniya Başlayıb

Bu xəbər hələ də rəsmi təsdiqini tapmayıb. Lakin xəbərin ertəsi günündən etibarən hökumətyönlü mediada Ramiz Mehdiyevin əleyhinə geniş yazılar yayılmağa başlayıb. Keçmiş rəsmiyə aid olduğu iddia edilən milyardlıq mülk siyahısı dərc edilib və həmin əmlakların müsadirə oluna biləcəyi qeyd olunub. Bəzi internet resursları isə Mehdiyevin övladlarının vəzifə sahibi olduqlarına diqqət çəkib. Belə ki, onun oğlu Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini, qızı Kamilə Əliyeva isə Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiridir.

SOCAR-ın Sabiq Rəsmisi Adnan Əhmədzadənin İşi ilə Əlaqə

Bildirilir ki, Ramiz Mehdiyevin həbsi bu yaxınlarda saxlanılan keçmiş SOCAR rəsmisi Adnan Əhmədzadənin işi üzrə istintaqla bağlıdır. SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini, iş adamı Adnan Əhmədzadə sentyabrın 20-də həbs edilib. Səbail Rayon Məhkəməsində onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur. Qeyd olunur ki, Əhmədzadə istintaqla aktiv şəkildə əməkdaşlıq edir və onun etirafları Mehdiyevin həbsini qaçılmaz edib. Adnan Əhmədzadə üzərindən həyata keçirilən əməliyyatda Azərbaycanın iqtisadi etibarlılığının itirilməsi, külli miqdarda zərərə uğraması hədəflənirdi. Bunun, ehtimal ki, hakimiyyətin zorla ələ keçirilməsi ssenarisinin tərkib hissəsi olduğu, Azərbaycanın etibarlı tərəfdaş imicinin korlanması, Avropanın enerji təhlükəsizliyində müstəsna rolunun şübhə altına alınması, paralel olaraq, Azərbaycanı Rusiyanın sanksiyaları yarmaq oyununda "vasitəçi" göstərmək və nəticə etibarilə Azərbaycana Qərbin siyasi dəstəyini zədələmək məqsədi güddüyü vurğulanır.

Həbslərin Siyasi Müxalifəti də Əhatə Etmə Ehtimalı

Bu xəbərə reaksiya verən bir sıra şərhçilər həbslərin davam edə biləcəyini, hətta siyasi müxalifəti də əhatə edəcəyini istisna etməyiblər. Araz Əliyev özünün sosial şəbəkə hesabında qeyd edib ki, son vaxtlar Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin xarici mediada çıxan yazıları, müsahibələri və Praqada forumdakı çıxışı hakimiyyət üçün elə də xoş olmayıb və buna bir cavab gələcəkdi. Əliyev əlavə edib ki, Əli Kərimlinin qeyri-hökumət təşkilatları, mediası da yoxdur ki, onu bu adla rəsmiləşdirsinlər. Siyasi müxalifətə qarşı həbs dalğası isə ciddi əsaslandırma tələb edir. Əliyevin fikrincə, Ramiz Mehdiyev, bəlkə də, belə bir əsaslandırma üçün lazımdır. Həm özünü susdurmaq, soyub soğana çevirmək, həm də onu siyasi müxalifətlə əlaqələndirib, repressiya dalğasını genişləndirmək. O güman edir ki, dövlətə xəyanət edən, hakimiyyəti zorla ələ keçirməyə çalışan adamı ev həbsində saxlamalarının səbəbi bu ola bilər.

Elita Daxilində Qorxu Mühiti Yaratmaq Məqsədi

Xəzər Tədqiqat və Analiz Mərkəzinin direktoru Elman Fəttah bildirib ki, Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamlardan həbslərin genişlənəcəyi görünsə də, əsas mesaj vəzifədə olan məmurlar üçün qorxu mühiti yaratmaqdır. Fəttah qeyd edib ki, Azərbaycanda təkadamlıq hakimiyyətinin formalaşdırılması naminə başlanan, əsasən müstəqil mediaya və vətəndaş cəmiyyətinə qarşı yönələn repressiya mexanizmi həm də elitanın özünə qarşı çevriləcək. İttihamlardan da aydın olur ki, “Mehdiyev işi” güman ki, genişlənəcək, xeyli məmuru, ola bilər ki, müxalif fiqurları da əhatə edəcək. Lakin bu həbs ilk növbədə saray daxilində qorxu balansını bərpa etməyə xidmət edəcək. Mesaj verilir ki, heç kim keçmiş xidmətlərinə görə toxunulmaz deyil. Bu, həm yeni nəsil məmurlar, həm də təhlükəsizlik aparatına yönəlik profilaktik mesajdır.

Köhnə Siyasi Elitanın Təmizlənməsinin Son Mərhələsi

Ramiz Mehdiyevi keçmiş prezident Heydər Əliyev dövründən bəri siyasi sistemin memarlarından biri, Əliyev rejiminin "ideoloji-intellektual dayağı" sayan Elman Fəttah düşünür ki, onun haqqında cinayət işinin məhz indi açılması "köhnə siyasi elitanın tam şəkildə təmizlənməsinin final mərhələsidir". Onun sözlərinə görə, bu, İlham Əliyevin 2020-ci ildən sonra dərinləşdirdiyi monolit hakimiyyət modelinə keçidin son akkordudur. Yəni, artıq sistemdə nə Ramiz Mehdiyev kimi qoca ideoloqlara, nə də müstəqil təsir radiusu olan ağsaqqallara yer qalıb. Mehdiyev kimi fiqurlar artıq köhnə, bürokratik tullantıdır. Bu addım hakimiyyətin legitimlik arxitekturasını gəncləşdirmək, müasir, texnokratik və daha millətçi görüntü formalaşdırmaq məqsədi daşıyır.

Azərbaycan-Rusiya Münasibətlərinə Mesaj

Sabiq PA rəhbərinin Rusiya hakimiyyəti ilə də yaxınlığını xatırladan Elman Fəttah bu addımın Azərbaycan-Rusiya münasibətlərindəki gedişatla bağlı verilən bir mesaj olduğunu da istisna etmir. Fəttah söyləyib ki, Mehdiyev Moskva elitası ilə yaxın münasibətlərə malikdir. O, həm akademik müstəvidə Rusiya Elmlər Akademiyası ilə, həm də keçmiş "KQB" dairələri ilə əlaqələrini saxlayırdı. Hazırda Kremlin Azərbaycanda təsir imkanları azalıb, Qarabağdan Rusiya sülhməramlıları çıxarılıb, Azərbaycan-Rusiya gərginliyində İlham Əliyevin möhkəm dayandığı qənaəti yaranıb. Artıq Bakı Moskva ilə balanslı, lakin Kremlə tabe olmayan mövqeyini möhkəmləndirir. Yəni, Ramiz Mehdiyevin həbsi Azərbaycanın artıq Moskvadan icazə almadan daxili tənzimləmələri etdiyinin mesajıdır. Buna baxmayaraq, ekspert bu məsələnin Moskva ilə birbaşa koordinasiya edildiyini düşünmür. O, vurğulayıb ki, Rusiya Azərbaycanın bu cür suveren jestlərinə qarşılıq vermək imkanından məhrumdur. Bu, geosiyasi sakitlik içində həyata keçirilən daxili manevrdir. Bakı Moskvanın diqqətinin Ukraynaya, Gürcüstana yönəlməsindən istifadə edərək öz siyasi arxitekturasını tənzimləyir. Buna baxmayaraq, Rusiya ilə taktiki koordinasiya görüntüsünü də qoruyur, Düşənbə görüşü ilə münasibətlərdə gərginliyin aradan qaldırıldığı fikrini ötürür. Yəni, bu, açıq anti-Rusiya mesajı deyil, lakin post-Rusiya dönəminə keçidin siqnalıdır, avtoritar sistemin yeni mərhələyə keçidi kimi oxunmalıdır.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz