İdman 21.10.2025

Okan Burukdan "Liverpul matçı qədər önəmli" açıqlaması

Okan Burukdan "Liverpul matçı qədər önəmli" açıqlaması

"Qalatasaray" UEFA Çempionlar Liqasında uğur qazanmaq əzmindədir

"Qalatasaray" komandası UEFA Çempionlar Liqasının 3-cü həftəsində Norveçin "Bodo/Qlimt" klubu ilə qarşılaşacaq.

Komandanın baş məşqçisi Okan Buruk oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Okan Buruk "Liverpul" ilə oyundan sonra qazandıqları uğuru davam etdirmək istədiklərini vurğulayıb. Çempionlar Liqasına yaxşı başlamadıqlarını, lakin səhvlərini düzəltdiklərini xatırladan Buruk bunları deyib: "Frankfurtdakı oyunda istədiyimiz nəticəni əldə edə bilmədik, ancaq Liverpul matçı ilə bu çempionatda nə qədər həvəsli olduğumuzu göstərdik. Eyni diqqətlə meydanda olacağıq və 6 xal qazanmaq istəyirik. Çox güclü bir komanda ilə oynayacağıq. Buna görə də yaxşı hazırlaşmalı və oyunu düzgün yaşamalıyıq. Azarkeşlərimizi yenidən oyuna dəvət edirik".

Rəqibə hörmətlə yanaşırıq

"Bodo/Qlimt"in ciddi qəbul edilməsinin vacibliyini vurğulayan Buruk "Hər oyunun, hər komandanın öz hekayəsi var. Keçən il Avropa Liqasında təkcə "Tottenhem"i məğlub etmədik, eyni zamanda evimizdə ilk üç oyunda da qalib gəldik. Rəqibə hörmətlə yanaşırıq. Liverpul matçı necə idisə, bu qarşılaşma da eyni olacaq. Bodo/Qlimtin oyunlarını futbolçularımız o qədər də izləyə bilmirlər, çünki hər kəs Liverpulun oyunlarına baxır. Bizim kimi komandaları, yəni Türkiyə liqasını izləmədikləri üçün, Bodonun vəziyyətini bilmirlər. Bizim üçün Liverpul ilə oyun qədər əhəmiyyətli bir qarşılaşma olacaq" deyə bildirib.

Son matçına baxdım

Okan Buruk heyət seçimi ilə bağlı fikirlərini bölüşərək bunları qeyd edib: "Hazırda çox güclü bir heyətə sahibik. Mənim üçün də seçim etmək çox çətindir. Çox çətin qərarlar verirəm. Psixoloji olaraq da bəzən verdiyiniz qərarlar sizi çətin vəziyyətə salır, çünki hər oyunçu oynamaq istəyir. İlk 11-dən kənarda oyuna daxil edəcəyimiz oyunçuların da böyük əhəmiyyəti var. Bodo/Qlimtin son matçına baxdım. 5 qol vurdular, lakin çoxlu sayda qol imkanları verdilər. Bəzən Çempionlar Liqasında 10 nəfərlə öz cərimə meydançalarında müdafiə olunurlar. Yaxşı hücum edirlər, lakin bəzən komanda müdafiəsini də ön plana çıxara bilirlər".

İlkay-Sane uyumu

Okan Buruk İlkay Gündoğan və Leroy Sanenin uyumuna da diqqət çəkib. İlkayın peşəkarlığını vurğulayan Buruk "İlkay Gündoğan qısa müddətdə bizə uyğunlaşdı. Leroy Sane ilə birlikdə ən çox oyun keçirən oyunçularımızdan biridir. "Qalatasaray"a gəlmək üçün böyük səy göstərdi. Uşaqlıqdan azarkeşi olduğu komandadır. Burada olmaq onun üçün çox fərqlidir. Bu xəyalını yaşayır. Çox dəyərli oyunçulara və xarakterlərə sahibik. Onlar da İlkayı qısa müddətdə öz aralarına aldılar. Beləliklə, İlkay qısa müddətdə bizim üçün vacib fiqur oldu. Mövsümə bizimlə başlamadı, hazır vəziyyətdə gəlmədi, lakin oynadıqca performansı yüksəldi. Burada olmasından çox məmnunuq" deyib.

Singo nə vaxt qayıdacaq?

Oynadığı matçlarda böyük təsir göstərən, lakin uzun müddətdir zədə səbəbindən komandadan kənarda qalan Singonun vəziyyəti "Qalatasaray"ı çətin vəziyyətə salıb. Baş məşqçi Okan Buruk yeni transferin nə zaman meydanlara qayıdacağı ilə bağlı "Singonun ən azı daha iki həftəsi var. Tələsib risk etmək istəmirik. Vəziyyətə uyğun olaraq qərar verəcəyik" deyə cavab verib.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz