“Prezidenti təhqir edənlər legitim hədəflər kimi hər cür zərərsizləşdirilməlidir”
Mühacirlər və ekspertlər çıxışı terrora və zorakılığa çağırış kimi qiymətləndirirlər
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc parlamentin bugünkü iclasında müəyyən çağırışları özündə ehtiva edən fikirlər səsləndirib.
O deyib ki, müxtəlif informasiya şəbəkələrində Prezident və ailəsi əleyhinə sistemli hücumlar təşkil olunur, amma dövlət başçısının şərəf və ləyaqətini qoruyan qanunvericilik işləmir:
“Dövlət başçısının şərəf və ləyaqətini qoruyan qanunvericilik işləmir və biz hər gün müxtəlif informasiya şəbəkələrində Prezident və ailəsi əleyhinə sistemli hücumların şahidi oluruq. Xalqın müdafiəsini və təhlükəsizliyini hifz edən, o cümlədən Silahlı Qüvvələrin Ali Baş Komandanına qarşı informasiya terroru və şər-böhtan kampaniyası aparılır”.
“Dövlət başçısının mənəvi zirehi yarılırsa, demək, sadə vətəndaşlar tam müdafiəsizdir”
Onun sözlərinə görə, birinci şəxsin səbrini sınağa çəkərək onu quruculuq ideallarından və humanist duyğularından çıxarıb emosional qərarlara çəkmək istəyirlər:
“Mərkəzi Kəşfiyyat İdarəsinin sənədlərində deyildiyi kimi, lidersizləşdirmə, dövlətsizləşdirmə planı ilə Prezidentə hücum edənlər əslində ölkəyə silahlı xarici təcavüzçülərdən heç nəylə fərqlənmirlər. Millətin vahidliyi, ərazi bütövlüyü və suverenlyi, qələbəmizin simvolu olan şəxsi ləkələməyə çalışmaq Prezidentə səs verən milyonlarla insanın etimadını və ideallarını aşağılamaq deməkdir. Dövlət başçısının mənəvi zirehi yarılırsa, demək, sadə vətəndaşlar tam müdafiəsizdir”.
“Avropa Birliyi ölkələrinin əksəriyyətində ölkə rəhbərinin təhqiri qanunla cəzalandırılır. İtaliya, İspaniya, Almaniya, Polşa və digərlərində buna görə müxtəlif növ cinayət məsuliyyəti mövcuddur. Amerikada Prezidenti söymək azadlığından danışanlar, orada hüquqi cəmiyyət və vətəndaş məsuliyyətinin yuxarı olduğunu unudurlar”, – Zahid Oruc belə deyib.
“Ölkə rəhbərini daim hədəf seçənlərin əsas təhqir coğrafiyası Avropadır”
Deputat qeyd edib ki, İlham Əliyevə hücumlar əsasən Avropadan təşkil olunur:
“Ölkə rəhbərini daim hədəf seçənlərin əsas təhqir coğrafiyası Avropadır və onlar müxtəlif qruplara bölünürlər. Amerika kəşfiyyatına bağlılığı şübhə doğurmayan OCCRP və digər saxta media – məxfi xidmət şəbəkəsi prosesin önündə gedir. Onların yaydıqları “4P proqramı-Peqasus”, “Panama”, “Pandora” və “Paradise” sənədlərinin küfr və cəfəngiyyat olduğunu təmsil etdiyim Mərkəz sənədlərlə sübut edib. Ölkə başçısını müxtəlif xarici siyasət qərarlarından döndərmək, vətəndaş qruplarını onun üstünə qaldırmaq, cəmiyyətdə parçalanmaya nail olmaqla siyasi çevrilişləri həyata keçirmək ən ümdə məqsədləri təşkil edir”.
“İkinci qrupa, erməni lobbi mərkəzləri, Boqosyan-Qlüksman cütlüyü və Qarabağın zəngin sərvətlərini uzun illər sümürən xarici şirkətlər, onların Avroparlament, Avroşuradakı siyasi lobbiçiləri dayanır. Belə hücumlarla ölkəmizdən sərvət və imtiyazlı neft-qaz, yaxud qiymətli əlvan metal kontraktları qazanmağı düşünən böyük korporasiyalar böhtanın sifarişçiləridir. Nəhayət, ölkə rəhbərinin kölgəsinə daş atan digər bir dəstə aşağı muzdlu məişət tüfeyliləri, ayaqlarına və beyinlərinə nəzarət çipləri bağlanmış, hər gün səhərdən-axşamadək cılız tezislərlə təlimatlandırılan mühacirlər, Osmanqızı və digər birnəfərlik şər kanallarıdır. Onlar “Youtube” və digər şəbəkələrdə baxış sayını artırmaq adı altında aldıqları satqınlıq mükafatlarını gizlədirlər”, – deyə komitə sədri bildirib.
“Əgər Prezidentin şərəf və ləyaqətini qorumaq üçün hüquqi mexanizmlər nəticə vermirsə…”
Deputat çıxışında xüsusi olaraq qeyd edib ki, hüquqi mexanizmlər işləmirsə, təhqir laboratoriyaları legitim hədəflər kimi hər cür zərərsizləşdirməyə açıq elan olunmalıdır:
“Biz beynəlxalq qanunvericilik çərçivəsində ən azı sonuncu qrup təmsilçilərini məsuliyyətə cəlb etmək mexanizmlərini gücləndirməliyik. 1951-ci ildə qəbul olunan Qaçqınların statusuna dair Konvensiya o adamların immuniteti ola bilməz. Əgər Prezidentin şərəf və ləyaqətini qorumaq üçün məhkəmə və hüquq orqanlarının mexanizmləri nəticə vermirsə, onda təhqir laboratoriyaları legitim hədəflər kimi hər cür zərərsizləşdirməyə açıq elan olunmalıdır”.
Deputat “təhqir laboratoriyaları legitim hədəflər kimi hər cür zərərsizləşdirməyə açıq elan olunmalıdır” deməklə nəyi nəzərdə tutur?
Hüquqşünas Yalçın İmanov Meydan TV-yə deyib ki, Milli Məclisin deputatı Zahid Orucun bu çıxışında bir neçə məqam diqqət çəkir.
“Əvvəla, o hansı məhkəmə və hüquq mühafizə orqanlarının mexanizmidir ki, Prezidentin şərəf və ləyaqətini qorumaq üçün yetərli deyil və yaxud da səmərə vermir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 323-cü maddəsi Azərbaycan Respublikası Prezidentinin idarəçilik fəaliyyətini və eləcə də onun şərəf və ləyaqətini cinayətkar qəsdlərdən mühafizə edir. Həmin maddə ilə bu vaxta qədər neçə cinayət işinin açıldığı və yaxud da aparılan istintaq tədbirləri və onun nəticələrinə dair hər hansı ictimai məlumatlar mövcud deyil. Ona görə də Zahid Oruc iddia etdiyi kimi Prezidentin şərəf və ləyaqətini alçaldan əməllərə dair məhkəmə və hüquq mühafizə orqanlarının təsirsiz mexanizmləri barədə məlumat versəydi, daha faydalı olardı”.
“Deputatın çıxışı cinayət məsuliyyəti yaradır”
Hüquqşünas hesab edir ki, deputatın çıxışında qanunsuzluğa açıq çağırış var:
“İkincisi, deputatın bu çıxışında qanunsuzluğa açıq çağırış və təhriklər var ki, bu da cinayət məsuliyyəti yaradır. Hərçənd ki, Azərbaycan Konstitusiyası, “Deputatının statusu haqqında” Qanun və Milli Məclisin daxili nizamnaməsi deputatın toxinulmazlığını və onun səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməzliyini nəzərdə tutur, eləcə də indiki siyasi situasiyada Orucun bu toxunulmazlıqdan məhrum ediləcəyi ehtimal kimi belə ağıla gəlmir, ancaq bütün hallarda Milli Məclisin insan haqları komitəsinin sədri kimi bu şəxsin öz çıxışlarında daha məsuliyyətli və qanuni çərçivədə davranmağı tövsiyə edilən olardı”.
Yalçın İmanov bu çıxışın yeni təqiblər üçün əsas yaradacağını da istisna etmir:
“Üçüncüsü, indiyəqədərki pis təcrübə onu deməyə əsas verir ki, adətən, belə rəsmi çıxışlardan sonra hakim siyasəti tənqid edən şəxslərin təqibinin növbəti dalğası baş verir. Zahid Orucun indiki hakimiyyətin “yetişməkdə olan yeni fikir generatoru” adına iddialı olduğunu nəzərə alsaq, bu çıxışdan sonra ölkə daxilində və xaricində tənqidçilərin təqibinin növbəti böyük dalğasının reallaşa biləcəyini ehtimal etmək olar”.
“Zahid Oruc hakimiyyətin indiyə qədər bu praktikadan istifadə etdiyini etiraf edib…”
Hazırda Avropada mühacirətdə olan “Azərbaycan saatı” kanalının rəhbəri Qənimət Zahid Meydan TV-yə deyib ki, deputatın bu çıxışı terrora açıq çağırışdır.
Onun sözlərinə görə, deputat Azərbaycan hakimiyyətinin həm də indiyə qədər bu təcrübədən yararlandığını etiraf edib:
“Təbii ki, Zahid Orucun şəxsindən söhbət gedə bilməz. Əlbəttə, kimlərsə onu ciddi, kimlərsə qeyri-ciddi şəxs hesab edə bilərlər. Söhbət Zahid Orucun təmsil etdiyi dövləti-vəzifənin məqamından gedirsə, o, dövlətə məxsus Sosial Tədqiqatlar Mərkəzi kimi mühüm bir siyasi qurumun rəhbəridir və Azərbaycanın indiki hakimiyyətinin düşünən beyni, bütün plan və proqramlarının strateji əsaslandırmasını aparan şəxsdir. Ona görə də Zahid Orucun belə bir açıqlama verməsi, birincisi, Azərbaycan hakimiyyətini terrora təhrik etməkdir, ikincisi, bu zamana qədər Azərbaycan hökumətinin qanunsuz siyasi fəaliyyətləri əsaslandırmaq cəhddidir. Əgər Zahid Orucun elan etdiyi məntiqlə həyata keçirilirsə, əgər hüquqi mexanizmlər işləmirsə, bu o deməkdir ki, Zahid Oruc Azərbaycan hakimiyyətinin indiyə qədər bu praktikadan gen-bol istifadə etdiyini etiraf edib”.
“Söhbət yalnız ondan getmir ki, ölkədə kütləvi seçki saxtakarlığı və korrupsiya kimi iri dövləti cinayətlər həyata keçirilir. Söhbət həm də vətəndaşlara, ayrı-ayrı şəxslərə qarşı törədilən qanunsuz əməllərdən gedir ki, Azərbaycan dövlətinin rəsmiləri bu cür qanunsuz əməlləri dövlət adından çıxış edərək əsaslandırmağa çalışıblar. Baxın, bu təkcə Zahid Orucun etirafı deyil, eyni zamanda, Azərbaycan hökumətinin rəsmi etirafıdır. Görün, bir dövlət konkret olaraq terrora çağırışı, terror kimi qiymətləndirilə biləcək hadisələri özü üçün necə məqbul saya bilir”, – deyə Qənimət Zahid qeyd edib.
“Bu göstəriş birbaşa İlham Əliyevdən gəlib”
Mühacirətdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlı isə bu çağırışın ciddi olduğu qənaətindədir.
O hesab edir ki, Zahid Oruc öz təşəbbüsü ilə belə bir çıxış edə bilməz və bu göstəriş birbaşa İlham Əliyevdən gəlib:
“Zahid Orucun çıxışı açıq mətnlə təhdiddir, terrora çağırışdır. Hesab edirəm ki, Zahid Oruc bu açıqlamanı özbaşına verməyib. Biz Azərbaycan hökumətini də, parlamentini də, deputatlarını da yaxşı tanıyırıq. Bu cür açıqlamalar Prezident Admintrasiyasından və birbaşa İlham Əliyev tərəfindən verilən göstəriş əsasında ortaya atılır. İlham Əliyev indiki məqamda bu təhdidlərlə xaricdə olan tənqidçilərini susdurmaq istəyir. Ona görə də biz bunu İlham Əliyevin mesajı kimi dəyərləndiririk və hesab edirik ki, yaxın zamanlarda Avropada bir “terror küləyi” əsəcək. Bundan əvvəl də İlham Əliyev xaricdə olan tənqidçilərinə qarşı bu kimi aktlardan istifadə edib”.
“Bu adamı tənqid edən, onun korrupsiyasından danışan hər kəs hədəfdədir”
“Xaricdə müxalifətçi Vüqar Rza, siyasi fəal Bayram Məmmədov, Hüseyn Bakıxanov müəmmalı şəkildə həyatını itirib. Başqaları, məsələn, Məhəmməd Mirzəli və digərləri hücuma məruz qalıb. Bu adamı tənqid edən, onun korrupsiyasından danışan hər kəs hədəfdədir. Hesab edirəm ki, biz də yaxın zamanlarda Avropada terrorla qarşılaşa bilərik. Ona görə də Avropada aktiv siyasi fəaliyyətlə məşğul olan mühacirlər və jurnalistlər yaşadıqları ölkələrin hüquq mühafizə orqanlarına Zahid Orucun bu açıqlaması ilə bağlı məlumat verməlidirlər, eyni zamanda, həmin dövlətlərin siyasi dairələri, parlamentləri ilə müzakirələr aparılmalıdır”, – deyə jurnalist Meydan TV-yə bildirib.
Onun sözlərinə görə, xaricdə yaşayan mühacirlər yaşadıqları ölkələrin hüquq mühafizə orqanlarını bu çağırışla bağlı məlumatlandırılmalıdır:
“Həmçinin Avropa Parlamenti və Avropa Şurası bu çıxışdakı çağırışla bağlı məlumatlandırılmalıdır. Terrora çağırış edən Əliyev rejimi təhlükəli rejimdir, onun bu cür açıqlamalarını qulaqardı etmək olmaz. Çünki bunların əlində korrupsiya ilə əldə etdikləri milyardlarla pul var və bu pul bu cür aktlara xərclənə bilər. Hazırda Əliyev rejiminin terrorçu kimi istifadə etdiyi bu cür adamların bir neçəsi Fransada həbs olunub. Bundan başqa, deputat Adil Əliyevin Avropada idmançı qoçu dəstələri var”.
“Göstəriş hələ 2017-ci ildə İlham Əliyev tərəfindən verilib”
Sülh və Demokratiya İnstitutunun əməkdaşı, konfliktoloq Arif Yunus Meydan TV-yə deyib ki, bu çağırış yeni deyil və məhz Zahid Orucun fəaliyyəti kimi qiymətləndirilə bilməz.
Onun sözlərinə görə, göstəriş hələ illər öncə – 2017-ci ildə İlham Əliyev tərəfindən verilib.
O bu barədə beynəlxalq təşkilatlara da məlumat verildiyini deyir:
“Bununla bağlı mənim və Leyla Yunusun çıxışlarımız olub. Konkret olaraq bizimlə bağlı belə bir göstəriş vardı. 2019-cu ildə biz belə bir məlumat almışdıq və polisə də məlumat vermişik. Bu işi Niderlandda səfirliyin əməkdaşlarından biri təşkil edir. Biz çıxış edib bəyan elədik ki, Avropada hücumların və repressiya kampaniyalarının rəhbəri səfirliyin əməkdaşı, polkovnik Nurlan Əliyevdir. Həmin çıxışlar, hesabatlar rus və ingilis dillərində də yayılıb”, – deyə Arif Yunus qeyd edib.
Arif Yunus deyir ki, hakimiyyət xaricdə fəaliyyət göstərən mühacirləri ilk növbədə satın almağa cəhd edir:
“Pulla ala bilməyəndə də başqa təzyiqlərə əl atırlar. Mən bu məsələni araşdırmışam. Bilirəm ki, hakimiyyət xaricdə fəaliyyət göstərən aktiv mühacirləri, vətəndaş cəmiyyəti təmsilçilərini sıradan çıxarmağa çalışır. Bunun üçün isə əsasən də başqa xalqların nümayəndələrindən muzdlu şəkildə istifadə edir. Məsələn, məndə olan məlumatlara görə Avropadakı kürd və çeçen kriminal qruplarla birgə iş görülür”.
“Şəxsləri, insanları legitim hədəf göstərmək açıq terrora, məhv etməyə, öldürtməyə çağırışdır”
III Respublika Platformasının Qurucu Heyətinin üzvü Elman Fəttah da bu çıxışı zorakılığa çağırış kimi qiymətləndirir:
“Hər bir ölkədə suverenliyin rəmzi sayılan dövlət başçının şərəf və ləyaqətini, həmçinin onları təhqir və böhtanlardan qoruyan qanunvericilik sənədləri mövcuddur. Amma Zahid Orucun məqsədi təkcə bu qanunvericilik məsələlərini sadalamaq və ya da belə bir qanunun qəbul edilməsini təklif eləmək deyil. Çünki Azərbaycanda da bunu tənzimləyən qanunvericilik var. Mən düşünürəm ki, Zahid Orucun məqsədi hakimiyyətin tənqidçilərini, xüsusən də sərt tənqid edənləri məhv etməyə çağırışdır”.
“Onun çıxışındakı “təhqir laboratoriyaları legitim hədəflər kimi hər cür zərərsizləşdirməyə açıq elan olunmalıdır” fikri aşağı-yuxarı terrora çağırışdır. Bilirsiniz ki, onların bir çoxu xaricdə fəaliyyət göstərir. Onların indiki məqamda inzibati və cinayət məsuliyyətinə cəlb etmək mümkünsüzdür. Ona görə də səxsləri, insanları, informasiya vasitələrini legitim hədəf göstərmək açıq terrora, məhv etməyə, öldürtməyə çağırışdır”, – deyə Elman Fəttah bildirib.
Bəs deputatın çağırışından sonra sosial şəbəkələrə hansısa məhdudiyyət gətirilə bilərmi?
Məsələn, 2022-ci ildə Türkiyədə sosial şəbəkələrlə bağlı qanun qəbul olunub. Həmin qanuna görə, sosial şəbəkə nümayəndəliyi təhqir, böhtan, terror və ya narkotik maddələrin təbliği xarakterli paylaşımlara görə məsuliyyət daşıyırlar.
Eyni məhduliyyətlər qonşu Rusiyada da tətbiq edilir və qanunvericiliyə ciddi şəkildə məhdudlaşdırıcı norma və müddəalar gətirilib. Hətta Rusiyada qapadılmış və bloklanmış mediaları açmaq vasitələri də qadağan edilib.
Fevralın 5-də TASS “Roskomnadzor”a istinadən yazır ki, bura əsasən VPN və digər vasitələrin qadağası daxildir.
Xəbərdə bildirilir ki, bu cür xidmətlərin təklif edilməsinə qoyulan qadağa martın 1-dən qüvvəyə minib.
“Qanunvericilik onsuz da sərt və Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklərə ziddir”
Media hüququ üzrə ekpert Ələsgər Məmmədli deputatın çağırışını əsaslı saymır.
O düşünür ki, Azərbaycanda media mühiti kifayət qədər sərt və legitim əsasları olmayan qanunvericiliklə məhdudlaşdırılıb.
Ekspert media və sosial şəbəkələrlə bağlı qanunvericiliyin bundan da artıq məhdudlaşdırılacağını düşünmür:
“Əslində Azərbaycanda birinci dəfə deyil ki, belə fikirlər səsləndirilir. Mövcud qanunvericilikdə onsuz da sərt və qeyri-legitim müddəalar var. Mən bundan daha sərt məhdudiyyətin olacağını düşünmürəm. Cinayət Məcəlləsinin 323-cü maddəsi ilə ölkə başçının şərəf və ləyaqəti qorunur. Eyni zamanda, həmin məcəllənin 148-1 maddəsi sosial şəbəkələrdə təhqir və böhtanla bağlı hüquqi məsuliyyət müəyyən edib. Bu, birbaşa sosial şəbəkələrə də aid edilir. Yəni qanunvericilik onsuz da Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklərə zidd, legitim hüquqi əsasları olmayan maddələr və məhdudiyyələrlə zəngindir. Bundan artıq hansı məhdudiyyət ola bilər?”.
“Bundan başqa, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunla hətta məhkəmə qərarı olmadan saytların bloklanması və jurnalistlərin cəzalandırılması məsələsi var. Bu çağırışlar isə xaricdə fəaliyyət göstərən media qurumlarının və blogerlərin çəkindirilməsinə hesablana bilər. Azərbaycandan kənarda bir çox sosial şəbəkə kanalları var ki, onlar təhqirə yol verir və şəxslərə belədən aşağı hücumlar edir. Bir çoxu peşəkar deyil və peşə etikasına əməl etmir. Ona görə də belə çağırışlara onları çəkindirmək istəyirlər”, – deyə Ələsgər Məmmədli qeyd edib.